Gerb

Mətnin ölçüsü Plus Minus

2005-2011-ci illərdə qaz hasilatı (mln. kub metr)

İl ARDNŞ Azərbaycan
2011 7084.2 25752.9
2010 7178.9 26349.6
2009 6903 23681.6
2008 7752.6 23405.4
2007 5997.6 16964.4
2006 4456 9044.8
2005 3930.6 6487.8

 

Aparılmış hesablamalara əsasən Azərbaycanın qaz ehtiyatları 2,5  trilyon kubmetr proqnozlaşdırılır. “Şahdəniz”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq”, “Asiman”, “Zəfər-Məşəl” və s. yataqlarla  yanaşı, “Ümid” və “Babək” kimi yataqların işlənilməsi, həmçinin xarici şirkətlərin iştirak etdiyi Hasilatın Pay Bölgüsü (HPB) müqavilələrini də nəzərə alsaq, Azərbaycanın son 10 ildə qaz potensialının 1.4 trilyon kubmetrə qədər artdığını görə bilərik. Bir sıra mütəxəssislərin fikrincə, Azərbaycanın artıq bəlli olan və hesablanmış qaz ehtiyatları nəticə etibarilə 5 trilyon kubmetrə çata bilər.

Məlum olduğu kimi, uzun fasilədən sonra «Ümid» perspektivli strukturunda daxili resurslar hesabına başlanmış kəşfiyyat işləri ötən il böyük müvəffəqiyyətlə nəticələnib. İlkin hesablamalara görə, yatağın çıxarıla bilən ehtiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hazırda yatağın ehtiyatlarının dəqiqləşdirilməsi məqsədi ilə qazılan ikinci quyuda işlər uğurla davam etdirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra kəşf edilmiş ilk yataq olaraq «Ümid»də alınan nəticələr həm də Xəzərin Azərbaycan sektorunda məhsuldarlıq perspektivlərini yüksəldib, yeni lay və yataqların açılması ehtimalını artırıb. Artıq «Babək» strukturunun ehtiyatları 400 mlrd. kubmetr qaz, 80 mln. ton kondensat həcmində qiymətləndirilir. Eyni zamanda mütəxəssislərin ilkin hesablamalarına görə, «Abşeron» yatağında 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.

Azərbaycanın dünya  əhəmiyyətli  ən böyük qaz yatağı isə məlum olduğu kimi  “Şahdəniz “  yatağıdır.  4 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Layihə İştirakçıları olan  BPLukoylNİCOStatoilTPAOTOTAL şirkətləri arasında dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından olan və Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. "Şahdəniz" yatağının təbii qaz ehtiyatı 1 trilyon kubmetrdən çox, kondensat ehtiyatı isə 300 milyon tondan çox qiymətləndirilir.  Bu yataqdan hasil olunacaq qaz ilk növbədə Azərbaycanın daxili tələbatının ödənilməsinə sərf edilir. Eyni zamanda Faza-1 dövründə hasil olunacaq qazın Türkiyənin "Botaş" şirkətinə və Gürcüstanın Beynəlxalq Əməliyyat Şirkətinə satılması haqqında sazişlər bağlanmışdır. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Yunanıstan arasında bağlanmış sazişlər "Şahdəniz" qazının Avropaya nəqlinə imkan yaradacaqdır. Yatağın işlənməsinin 2-ci mərhələsində isə proqnozlara görə, ildə təxminən 12 milyard kubmetr təbii qaz hasil olunmalıdır. 2015-ci ilə kimi "Şahdəniz" yatağından ildə təqribən 20 milyard kubmetr qazın hasilatı gözlənilir.

Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan "Şahdəniz" yatağından hasilat 2006-cı ilin dekabrında başlanmışdır. 2010-cu il aprel ayının 1-dək bu yataqdan 18,8 milyard kubmetr qaz hasil edilmişdir. 2007-ci il fevral ayından etibarən Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan təbii qaz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsi ilə Gürcüstana nəql olunmağa başlanıb. 2007-ci il iyulun 3-də isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. Cənubi Qafqaz qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetr həcmində ölçülür. Azərbaycan ərazisində kəmərin uzunluğu 442 km, Gürcüstan ərazisində isə 248 km-dir. Diametri 42 düymdür (105 sm). Kəmərin son çatdırılma nöqtəsi Gürcüstan-Türkiyə sərhədində yerləşir. Türkiyə ərazisində isə qaz kəmərinin uzunluğu 280 km təşkil edir.


Printer