Gerb

Mətnin ölçüsü Plus Minus

2005-2011-ci illərdə neft hasilatı (min ton)

İl ARDNŞ Azərbaycan
2011 8400.9 45625.4
2010 8459.7 50795.5
2008 8651.3 44527.2
2009 9543.3 50419.3
2007 8800.9 42604.3
2006 8993.8 32273
2005 8967.4 22220

Yanacaq resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Bu günə kimi ölkəmiz xarici şirkətlərlə 31 neft-qaz sazişi imzalayıb. Hazırda 14 saziş üzrə iş aparılır və bu sazişlərdə 20 ölkədən olan 26 şirkət iştirak edir. Proqnoza görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resursların kəşfiyyatına, işlənilməsinə və nəqlinə Azərbaycana yatırılan sərmayənin miqdarı 60 milyard dollar həcmində olacaq.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun potensialı, “AÇG” yataqlarının tam miqyasda işlənilməsi, eləcə də Azərbaycanda, birinci növbədə Xəzərin Azərbaycan sektoru akvatoriyasında, yeni neft-qaz kondensat yataqlarının açılması mümkünlüyü yaxın gələcəkdə ölkədə enerji hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verir.
Xəzər hövzəsinin Azərbaycan sektorunda işlənməkdə olan ən böyük neft yatağı “Azəri-Çıraq-Günəşli” ümumilikdə 5 platformadan ibarətdir. Bu gün kapital qoyuluşunun ümumi həcmi 20 milyard dollar təşkil edən layihə artıq qlobal əhəmiyyət kəsb edir. “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi bütün dünyanın diqqət mərkəzindədir. Bu sözləri deməyə həm yataqlara məxsus karbohidrogen ehtiyatlarının həcmi, həm onun ölkəyə gətirməkdə olduğu gəlirlər, həm də vaxtilə tikinti zamanı layihəyə cəlb edilmiş işçi qüvvəsinin sayı əsas verir.
Hazırda saziş sahəsində “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri” və dərinsulu “Günəşli” sahələrində quraşdırılmış dəniz özüllərindən 60-dan artıq istismar quyusu qazılıb ki, bu quyulardan gündə orta hesabla 120 min tondan çox neft və 35 mln. kubmetr qaz hasil olunur. Bu yataqlardan işlənilmənin əvvəlindən bu günə kimi 200 milyon tondan artıq neft və 50 milyard kubmetrdən çox qaz hasil edilib. AÇG-də ARDNŞ ilə bp (Böyük Britaniya), “Şevron” (ABŞ), “İnpeks” (Yaponiya), “Statoyl” (Norveç), “EksonMobil” (ABŞ), TPAO (Türkiyə), “İtoçu” (Yaponiya), “Hess” (ABŞ) şirkətləri tərəfdaşlıq edirlər. “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin istismarını həyata keçirən konsorsium tərəfindən uğurlu hasilat göstəriciləri əldə olunur.
Digər tərəfdən, həyata keçirilən effektiv tədbirlər və texniki qurğuların modernləşdirilməsi sayəsində “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı uğurla davam edir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu dövr ərzində müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 35,4 milyon ton neft (təxminən 262 milyon barrel) çıxarılıb. İl ərzində ümumilikdə AÇG-də 63 hasilat və 32 injektor quyusu istismarda olub.
Müvafiq dövrdə beş hasilat platforması üzrə ümumi orta gündəlik neft hasilatı isə 717,6 min barrel təşkil edib. Belə ki, “Çıraq”da 15 quyu istismarda olub (10 hasilat və 5 suvurma quyusu) və il ərzində oradan orta hesabla gündə 74,400 barrel, “Mərkəzi Azəri”də 19 quyu (14 hasilat, 4 qaz injektor və bir suvurma quyusu) və il ərzində oradan gündə orta hesabla 192,000 barrel, “Qərbi Azəri”də 21 quyu (15 hasilat və 6 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 198,400 barrel, “Şərqi Azəri”də 15 quyu (11 hasilat və 4 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 125,600 barrel, dərinsulu “Günəşli”də 25 quyu istismarda idi (13 hasilat və 12 suvurma quyusu) və il ərzində oradan gündəlik orta hesabla 127,200 barrel hasilat əldə edilib.
“Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp şirkəti 2011-ci ildə 3 platformadan (“Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şimal Azəri”) səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da ölkənin daxili istifadəsi üçün “Azəriqaz” dövlət qaz şəbəkəsinə göndərməkdə davam edib. “Çıraq” platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilib. AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri”dəkı kompressor və suvurma platformasına göndərilib. Hazırda “Mərkəzi Azəri”də 5 quyudan laya qaz vurma əməliyyatları davam edir. Bundan əlavə, “Çıraq” platformasında hasil edilmiş səmt qazının da bir hissəsi mövcud sualtı kəmər vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına nəql edilib.
2011-ci il ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,1 milyon kubmetr olmaqla ümumilikdə 3,3 milyard kubmetr səmt qazı təhvil verilib. Bu isə bütün il üçün planlaşdırılmış 2,3 milyard kubmetrdən 43,5 faiz çoxdur.


Printer