Gerb

ABUNƏÇİLİK
Yeniliklərə abunə olun
Mətnin ölçüsü Plus Minus

1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası sədrinin müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamzadə, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanlı və Hacı Molla Axundzadənin iştirakı ilə Milli Şuranın iclası keçirildi. Bu iclasda aşağıdakı məsələlər müzakirə edildi:

1. H. Ağayevin Yelizavetpoldakı (Gəncə) son hadisələr barədə məlumatı;
2. M.Ə.Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması;
3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti.

Milli Şuranın sədri M.Ə.Rəsulzadə Batumda Osmanlı türkləri ilə danışıqlar apardığından bu iclasda iştirak etmirdi. İclasda X.Xasməmmədov Azərbaycanın vəziyyəti ilə bağlı məruzə etdi. O, çıxışında təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. N.Yusifbəyli, Ə.Şeyxülislamzadə, M.H.Seyidov və digərləri bu fikrə tərəfdar çıxdılar. Geniş müzakirələrdən sonra Milli Şura 24 səslə (iki nəfər - S.M.Qənizadə və C.Axundov bitərəf qalmışdı) dərhal Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul etdi və altı bənddən ibarət "İstiqlal Bəyannaməsi"ni (o dövrün sənədlərində "Əqdnamə" və ya "Misaqi-Milli" adlandırılır) elan etdi.

Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.


Printer