Azərbaycan Respublikası Energetika Nazirliyinin

Enerji səmərəliliyi və ekologiya şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Enerji səmərəliliyi və ekologiya şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində enerji resurslarından səmərəli istifadə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və yanacaq-energetika sahəsində ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsini təmin edir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirləri həyata keçirir və bu sahədə dövlət maraqlarının qorunmasını təmin edir;

2.0.2. yanacaq-energetika sahəsində ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsində iştirak edir;

2.0.3. alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı təkliflər verir;

 

3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1. enerji resurslarından səmərəli istifadə, alternativ və bərpa olunan enerji  və yanacaq-energetika sahəsində ətraf mühitin mühafizəsi ilə bağlı perspektiv istiqamətlərin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət və sahə proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. “Enerji resursların istifadə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasını həyata keçirir;

3.0.3. enerji resurslarından səmərəli istifadə sahəsində iqtisadi, texniki və təşkilati tələblərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) müəyyən edilməsi ilə bağlı təkliflər verir;

3.0.4. enerji resurslarından səmərəli istifadə mexanizmlərinin hazırlanmasında iştirak edir və həyata keçirilməsini təmin edir, həmçinin enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsini həyata keçirir;

3.0.5. enerjiyə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilməsi mexanizminin yaradılmasında və tətbiqində iştirak edir;

3.0.6. enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərini müəyyən edilməsində iştirak edir;

3.0.7. dövlət müəssisələri üzrə enerjidaşıyıcıların istehlak limitlərinin müəyyən olunmasında iştirak edir;

3.0.8. yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarını müəyyən edərək təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir, təsdiq edilmiş normaların icrasına nəzarəti həyata keçirir;

3.0.9. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla enerji resurslarından səmərəli istifadə sahələrində elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqini təmin edir;

3.0.10. enerji resurslarından səmərəli istifadə və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində vəziyyətin və mövcud problemlərin təhlilini aparır, onların həlli yolları ilə bağlı təkliflər hazırlayır, tədbirlər həyata keçirır;

3.0.11. enerji səmərəliliyinin təmin olunmasına, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə dövlət dəstəyinin göstərilməsi, dövlət maliyyə yardımlarının ayrılması və digər güzəştlərin müəyyən edilməsi imkanlarını araşdırıb təkliflər hazırlayır, edilən yardım və güzəştlərdən təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;

3.0.12. enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə sahələrində normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirir;

3.0.13. yanacaq-energetika sahəsində ekoloji təhlükəsizliyin təmin edilməsindən irəli gələn vəzifələrin həyata keçirilməsində iştirak edir;

3.0.14. yanacaq-energetika sahəsində ətraf mühitin təhlükəsizliyi ilə bağlı hesabatların hazırlayır və əlaqədar təşkilatlara təqdim edir;

3.0.15. aidiyyəti sahələrdə respublikada həyata keçirilən tədbirlərdə iştirak edir və ölkə ərazisində fəaliyyət göstərən təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə təkliflər verir;

3.0.16. energetika sektorunun ətraf mühitə təsirinin qarşısının alınması sahəsində görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə nazirlik üzrə ümumiləşdirilmiş hesabatı hazırlayır;

3.0.17. enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün təkliflər verir;

3.0.18. yanacaq və energetika obyektlərinin tikilməsi və yenidən qurulması, qurğu və avadanlıqların quraşdırılması layihələrinin ekoloji və texniki ekspertizasının həyata keçirilməsində iştirak edir;

3.0.19. aidiyyəti sahələrdə elmi-texniki nailiyyətlərin və beynəlxalq təcrübənin tətbiq edilməsində, müasir tipli texnologiyaların, avadanlıqların və cihazların tətbiqi və sınaqdan keçirilməsində, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə dair tədbirlərdə iştirak edir;

3.0.20. bərpa olunan enerji resurslarının potensialının müəyyənləşdirilməsi ilə bağlı tədbirlərdə iştirak edir;

3.0.21. bərpa olunan enerji mənbələri üzrə istehsalının və istehlakın proqnoz göstəricilərini hazırlanmasında iştirak edir;

3.0.22. yanacaq-energetika sahəsinə sərmayə qoyuluşunun cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirləri hazırlanmasında və onların həyata keçirilməsində iştirak edir;

3.0.23. aidiyyəti sahələrdə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında iştirak edir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir və bu sahədə görülən işləri əlaqələndirilir;

3.0.24. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini və onların pozulmasının qarşısını alınmasını təmin edir;

3.0.25. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görür;

3.0.26. şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

3.0.27. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.01. fəaliyyət istiqamətləri ilə bağlı təhlillər aparmaq;

4.0.2. enerji resurslarından səmərəli istifadə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi sahəsində əlverişli investisiya mühitinin yaradılmasına dair təkliflər vermək;

4.0.3. fəaliyyət istiqamətləri ilə bağlı görülən işlər barədə yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;

4.0.4. fəaliyyət istiqamətləri üzrə rəy vermək, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.5. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.6. fəaliyyət istiqamətləri üzrə peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.7. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıqda iştirak etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;

4.0.9. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək barədə təkliflər vermək;

4.0.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş  

digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir.

5.2. Şöbəyə nazir tərəfindən vəzifəyə vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müdir müavini həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.5. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.6.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.11. şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır.