Azərbaycan Respublikası Energetika Nazirliyinin

İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) İctimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin fəaliyyəti ilə bağlı ictimaiyyətlə və kütləvi informasiya vasitələri (bundan sonra - KİV) ilə əlaqələri, rəsmi internet səhifəsi, sosial şəbəkələrdə səhifələr və video-hostinqlərdəki kanallar vasitəsilə analitik informasiya sahəsində işləri təşkil edir, ictimaiyyətin məlumatlandırılmasını, analitik təhlillər aparılmasını, informasiya və proqram təminatı sisteminin yaradılması və təkmilləşdirilməsini, onun fasiləsiz işlək vəziyyətdə saxlanılmasını, informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron imza vasitələrinin hazırlanması, tərtibi və idarə edilməsi, informasiya texnologiyalarının inkişafı strategiyasına uyğun olaraq elektron xidmətlər şəbəkəsinin inkişafı, nazirliyin ayrı-ayrı strukturları tərəfindən əhaliyə göstərilən xidmətlərin, eyni zamanda elektron sənəd dövriyyəsinin elektron formada tətbiqinin təmin edilməsini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Məlumat azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında" Qanunlarını və digər qanunlarını, ölkədə İT sistemi ilə bağlı dövlət siyasətini müəyyən edən qanunvericiliyi, “Dövlət hakimiyyət orqanlarında, idarə müəssisə və təşkilatlarda kargüzarlığın aparılmasına dair Təlimatı”, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə"ni, Nazirliyin Kollegiyasının qərarlarını,  Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin aparatının şöbələri və sektorları (bundan sonra - Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində işlərin təşkili, tənzimlənməsi və təkmilləşdirilməsini təmin edir;

2.0.2. Nazirliyin fəaliyyətinin  KİV-də işıqlandırılmasını və bununla bağlı zəruri tədbirlərin görülməsini təmin edir;

2.0.3. enerji sahəsinə dair analitik təhlillərin aparılmasını təmin edir;

2.0.4. Nazirliyin vahid kompüter şəbəkəsinin, informasiya və proqram təminatının yaradılmasını və təkmilləşdirilməsini təmin edir;

2.0.5. Nazirliyin elektron xidmətlərinin təmin olunması və təkmilləşdirilməsi üzrə fəaliyyəti əlaqələndirir;

2.0.6. Nazirliyin rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının fəaliyyətinin tənzimlənməsini, proqram təminatının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını həyata keçirir;

2.0.7. informasiya təhlükəsizliyinin təmini ilə əlaqədar tədbirləri yerinə yetirir;

2.0.8. müvafiq sahənin inkişafını təmin edir;

2.0.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. Nazirliyin ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində strateji və cari planlarını hazırlayır və həyata keçirir;

3.0.2. Nazirliyin sosial informasiya sahəsində fəaliyyətini formalaşdırır və həyata keçirilməsini təmin edir;

3.0.3. Ölkədə həyata keçirilən enerji siyasəti, nazirliyin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, müvafiq sahədəki yeniliklər barədə ictimaiyyətə planlaşdırılmış qaydada mütəmadi olaraq KİV, nazirliyin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki səhifələr və  digər vasitələrlə məlumat verir;

3.0.4. Aidiyyəti qanunvericilik aktlarının, Nazirliyin fəaliyyəti ilə bağlı zəruri yeniliklərin nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini, nazirliyin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini və təkmilləşdirilməsini təmin edir, səhifələrdəki məlumatların aktuallığını nəzarətdə saxlayır;

3.0.5. Nazirliyin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin istifadəçiləri ilə nazirlik arasında qarşılıqlı əlaqəni, sayt vasitəsi ilə daxil olan müraciətlərin müəyyən edilmiş qaydada baxılması və ya cavablandırılması üçün aidiyyəti üzrə göndərilməsini təmin edir;

3.0.6. Nazirliyin fəaliyyətinə dair məsələlər üzrə press-relizlər, nazirlik adından rəsmi bəyanatlar hazırlayır və ictimaiyyətə çatdırır;

3.0.7. İnformasiya sorğularını qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırır;

3.0.9. Müvafiq struktur bölmələri ilə birlikdə nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil edir;

3.0.10. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin hazırlanmasını təmin edir;

3.0.11. Nazirliyin fəaliyyəti və yanacaq-energetika sahəsi ilə bağlı KİV-də əksini tapan məlumatları izləyir, onlar barədə nazirliyin rəhbərliyinə təqdim edilmək üçün xüsusi icmallar hazırlayır;

3.0.12. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;

3.0.13. Nazirlik tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir;

3.0.14. Dünya enerji bazarında müşahidə olunan prosesləri izləyir və bu  sahəyə dair mütəmadi təhlillər edir;

3.0.15. İctimai rəy sorğuları və digər sosial araşdırmaların keçirilməsini təmin edir;

3.0.16. Ölkə, o cümlədən enerji sektoru üçün əlamətdar olan müxtəlif tarixlərlə bağlı müvafiq struktur bölmələri ilə birgə tədbirlər keçirir;

3.0.17. Nazirliyin fəaliyyətinə dair video və foto materialların arxivini təşkil edir;

3.0.18. Nazirlikdə aidiyyəti hüquqi aktların tələblərinə cavab verən informasiya və proqram təminatı sisteminin yaradılması, onun müvafiq sahədə müəyyən olunmuş standartlara uyğun və fasiləsiz işlək vəziyyətdə saxlanılmasını və profilaktik tədbirlərin görülməsini təmin edir;

3.0.19. İnformasiya və kommunikasiya texnologiyalarını, proqram təminatını təkmilləşdirir;

3.0.20. İnformasiya təhlükəsizliyini  təmin edir, bu sahədə riskləri qiymətləndirir və mütəmadi olaraq monitorinqlər həyata keçirir;

3.0.21. Şəbəkənin monitorinqini aparır;

3.0.22. Kənar avadanlıqların lokal şəbəkəyə qoşulmasına icazə verir, idarə və nəzarət edir;

3.0.23. Elektron poçt vasitəsilə göndərilmiş məktubların tərkibini monitorinq edir, daşınan yaddaş qurğuların yoxlanılmasını təşkil və təmin edir;

3.0.24. Elektron imza vasitələrinin sifarişlərinin icrasını, çatdırılmasının və uçotunun təşkil edilməsini təmin edir;

3.0.25. Nazirliyin internet şəbəkəsinin xidmətlərindən istifadənin təkmilləşdirilməsini və elektron sənəd dövriyyəsini təşkil edir;

3.0.26 Elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının portallara inteqrasiyasını həyata keçirir və  yeni xidmətlərin yaradılması üzrə təkliflərlə çıxış edir;

3.0.27. Nazirliyin struktur bölmələrində mövcud olan informasiya sistemlərinin, texniki avadanlıqların işlək vəziyyətdə olmasını və texniki nasazlıqların, sistemdaxili və sistemlərarası qırılmaların, donmaların və xətaların aradan qaldırılmasını təmin edir, mövcud şəbəkə avadanlıqlarının texniki hissələrinin təmir edilməsi və ya dəyişdirilməsi, o cümlədən profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq şəxslərlə (fiziki və hüquqi şəxslərlə) qarşılıqlı əməkdaşlıq edir;

3.0.28. Texniki və proqram vasitələrinin yenilənməsi və informasiya sisteminə yeni elementlərin daxil edilməsi yolu ilə onun genişləndirilməsi barədə nazirliyin rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlayır;

3.0.29. Müvafiq sahənin inkişaf etdirilməsi məqsədilə yeni avadanlıqların alınması, proqram təminatının yenilənməsi, müvafiq lisenziyaların və sertifikatların alınması, şəbəkə infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı nazirliyin rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlayır;

3.0.30. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, habelə nazirliyin hüquqi aktları ilə təsdiq edilmiş tədbirlər planlarının şöbənin fəaliyyət istiqamətləri üzrə icrasını təşkil edir, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin edir;

3.0.31. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından şöbəyə daxil olmuş məktubları aidiyyəti üzrə cavablandırır;

3.0.32. Şöbənin iş planlarını tərtib edir və onun icrasına nəzarət edir;

3.0.33. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir;

3.0.34. Nazirliyin rəhbərliyinin verdiyi göstəriş və tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin edir;

3.0.35. Görülmüş işlərin nəticələri barədə nazirlik tərəfindən müəyyən olunmuş forma üzrə hesabatlar hazırlayır və vaxtında aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edir;

3.0.36. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini  yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1 Nazirlikdə KİV-lə və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.0.2. Nazirlikdə tətbiq olunan iş proseslərinin proqram təminatının yaradılması, kompüter və şəbəkə avadanlıqlarının idarə edilməsi, nazirliyin rəsmi internet səhifəsinin, elektron poçt ünvanlarının və xidmətlərinin fasiləsiz işinin təşkili prosesinə zərurət yarandıqda mütəxəssislərin cəlb edilməsi üçün rəhbərliyə müvafiq təkliflər vermək;

4.0.3. Vəzifə funksiyalarının icrası ilə əlaqədar nazirliyin struktur bölmələrinə, dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatların (sənədlərin) təqdim edilməsi (alınması) barədə sorğular vermək və məlumatlar almaq;

4.0.4. Müvafiq sahə üzrə nazirliyin struktur bölmələri ilə müzakirələr aparmaq;

4.0.5. Müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması ilə bağlı təkliflər vermək;

4.0.6. Rəhbərliyin tapşırığı ilə Nazirlikdə və digər dövlət qurumlarda yaradılmış komissiyalarda, işçi qruplarında, beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Mətbuat xidməti və analitik təhlil və Proqram təminatı və texniki təchizat sektorları daxildir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin, vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən
müavini (şöbə müdirinin müavini-sektor müdiri) vardır. Şöbə müdirinin müavini-sektor müdiri şöbə müdiri tərəfindən həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini-sektor müdiri həyata keçirir.

5.4. Şöbənin  digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.5. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət edilməsinə nəzarət edir və  davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. Şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5.   Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir

5.5.6. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Qaydaları”na uyğun olaraq şöbənin əməkdaşlarının təqvim ili ərzində qiymətləndirilməsini həyata keçirir;

5.5.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.8. Şöbəyə daxil olan sənədlərin baxılmasını, onlara cavabların düzgün hazırlanmasını, imzalanmasını və vaxtında göndərilməsini təşkil edir;

5.5.9 Şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

6. Mətbuat xidməti və analitik təhlil sektorunun vəzifələri

6.0. Mətbuat xidməti və analitik təhlil sektoru aşağıdakı vəzifələri yerinə yetirir:

6.0.1. Ölkədə həyata keçirilən enerji siyasəti, nazirliyin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, aidiyyəti qanunvericilik, müvafiq sahədəki  yeniliklər barədə ictimaiyyətə planlaşdırılmış qaydada mütəmadi olaraq KİV və digər vasitələrlə məlumat verir;

6.0.2. KİV və digər vasitələrlə enerji sektorunda aktual mövzularla bağlı nazirliyin rəsmi mövqeyini  ictimaiyyətə çatdırır;

6.0.3. Nazirliyin fəaliyyətinə dair məsələlər üzrə press-relizlər, nazirlik adından rəsmi bəyanatlar hazırlayır və ictimaiyyətə çatdırır;

6.0.4. İnformasiya sorğularını qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırır;

6.0.5. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil edir;

6.0.6. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin hazırlanmasını təmin edir;

6.0.7. Nazirliyin fəaliyyəti və yanacaq-energetika sahəsi ilə bağlı KİV-də əksini tapan məlumatları izləyir, onlar barədə nazirliyin rəhbərliyinə təqdim edilmək üçün xüsusi icmallar hazırlayır;

6.0.8. Nazirin və nazirliyin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;

6.0.9. Nazirlik tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təmin edir;

6.0.10.  Dünya enerji bazarında müşahidə olunan prosesləri izləyir və bu  sahəyə dair mütəmadi təhlillər aparır;

6.0.11. Ölkə, o cümlədən  enerji sektoru üçün əlamətdar olan müxtəlif tarixlərlə bağlı müvafiq struktur bölmələri ilə birgə tədbirlər keçirir;

6.0.12. Nazirliyin fəaliyyətinə dair video və foto materialların arxivini təşkil edir;

6.0.13. Nazirliyin tətbiq etdiyi elektron xidmətlər və onlardan istifadə barədə nazirliyin rəsmi internet səhifəsində, sosial şəbəkələrdəki səhifələrində və kütləvi informasiya vasitələrində  məlumat və izahatlar verir;

6.0.14. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, habelə nazirliyin hüquqi aktları ilə təsdiq edilmiş tədbirlər planlarının şöbənin fəaliyyət istiqamətləri üzrə icrasını təşkil edir, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin edir;

6.0.15. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından şöbəyə daxil olmuş məktubları aidiyyəti üzrə cavablandırır;

6.0.16. Sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir;

6.0.17. Görülmüş işlərin nəticələri barədə nazirlik tərəfindən müəyyən olunmuş forma üzrə hesabatlar hazırlayır və aidiyyəti üzrə nazirliyin rəhbərliyinə təqdim edir;

6.0.18. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

7. Proqram təminatı və texniki təchizat  sektorunun vəzifələri

7.0. Proqram təminatı və texniki təchizat sektoru aşağıdakı vəzifələri yerinə yetirir:

7.0.1. Nazirliyin informasiya və proqram təminatı sisteminin yaradılması və onun fasiləsiz işlək vəziyyətdə saxlanılmasını təmin edir;

7.0.2. İnformasiya və kommunikasiya texnologiyalarını, proqram təminatını təkmilləşdirir;

7.0.3. İnformasiya təhlükəsizliyini  təmin edir, bu sahələrdə riskləri qiymətləndirir və mütəmadi olaraq monitorinqlər həyata keçirir;

7.0.4. Məlumat bazasının monitorinqinin aparılmasını, administrator və proqramçıların səlahiyyətlərinin idarə edilməsini və məhdudlaşdırılmasını həyata keçirir;

7.0.5. Nazirliyin struktur bölmələrində kompüter və buraxılış nəzarət sistemlərin idarə edilməsini təşkil edir, kompüterlərin giriş-çıxış portlarına və elektron poçt ünvanlarına nəzarəti təmin edir;

7.0.6. Elektron imza vasitələrinin (İD kartların) hazırlanmasını, sertifikatların həmin kartlara yazılmasını və çap edilməsini təşkil edir;

7.0.7. Elektron imza vasitələrinin istifadəçiyə çatdırılmasını təşkil edir;

7.0.8. Nazirliyin internet şəbəkəsinin xidmətlərindən istifadənin təkmilləşdirilməsini və elektron sənəd dövriyyəsini təşkil edir;

7.0.9. Elektron xidmətlərin, informasiya sistemlərinin və ehtiyatlarının portallara inteqrasiyasını həyata keçirir və yeni xidmətlərin yaradılması üzrə təkliflərlə çıxış edir;

7.0.10. Nazirliyin struktur vahidlərində  mövcud olan informasiya sistemlərinin, texniki avadanlıqların işlək vəziyyətdə olmasını və texniki nasazlıqların, sistemdaxili və sistemlərarası qırılmaların, donmaların və xətaların aradan qaldırılmasını təmin edir, mövcud şəbəkə avadanlıqlarının texniki hissələrinin təmir edilməsi və ya dəyişdirilməsi, o cümlədən profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə müvafiq şəxslərlə (fiziki və hüquqi şəxslərlə) qarşılıqlı əməkdaşlıq edir;

7.0.11. Müvafiq sahənin inkişaf etdirilməsi məqsədilə yeni avadanlıqların alınması, proqram təminatının yenilənməsi, müvafiq lisenziyaların və sertifikatların alınması, şəbəkə infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı nazirliyin rəhbərliyinə təqdim edilməsi üçün təkliflər hazırlayır;

7.0.12. Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamları ilə verilmiş tapşırıqların, təsdiq edilmiş dövlət proqramı və tədbirlər planlarının, habelə nazirliyin hüquqi aktları ilə təsdiq edilmiş tədbirlər planlarının şöbənin fəaliyyət istiqamətləri üzrə icrasını təşkil edir, icrası ilə bağlı hesabatların aidiyyəti üzrə təqdim edilməsini təmin edir;

7.0.13. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət müəssisə və təşkilatlarından şöbəyə daxil olmuş məktubları aidiyyəti üzrə cavablandırır;

7.0.14. Sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər verir;

7.0.15. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.