Azərbaycan Respublikası Energetika Nazirliyinin

Energetika şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Energetika şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində elektroenergetika sahəsində dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinində iştirak edən nazirliyin aparatının struktur bölməsidir.

1.3 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının Energetika Nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorları (bundan sonra - Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. elektroenergetika sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və bu siyasətin həyata keçirilməsinin təmin edilməsində iştirak etmək;

2.0.2. elektrik və istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, istehlakı sahələrində enerji resurslarından səmərəli istifadə (texnoloji itkilərin və sərfin azaldılması, qənaətli və daha çox fayda ilə istifadə) ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;

2.0.3.  elektroenergetika sahəsində enerji təhlükəsizliyini və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;

2.0.4.  elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində bu Əsasnamə ilə müəyyən edilmiş hallarda iştirak etmək;

2.0.5.  elektroenergetika sahəsində dövlət əmlakından səmərəli istifadə olunması üçün tədbirlərin görülməsində iştirak etmək;

2.0.6.  elektroenergetika sahəsində vahid elmi-texniki siyasətin həyata keçirilməsinin təmin edilməsində və onun aparıcı istiqamətlərinin müəyyənləşdirməsində iştirak etmək;

 2.0.7. elektroenergetika sahəsinin inkişafının təmin edilməsində iştirak etmək.

 

3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1.    elektroenergetika sahəsinin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasını və həyata keçirilməsini bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edilməsində iştirak edir;

3.0.2.    Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.3.  Ənənəvi, alternativ və bərpa olunan enerji mənbələrindən elektrik və istilik enerjisinin istehsalı və istehlakı proqnozlarının hazırlanması və həyata keçirilməsində iştirak edir;

3.0.4.    Azərbaycan Respublikasının yanacaq-enerji balansının tərtib edilməsində və onun yerinə yetirilməsi üçün tədbirlərin görülməsində iştirak edir;

3.0.5.  “Energetika haqqında”, “Elektroenergetika haqqında”, “Enerji resurslarından istifadə haqqında” və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda və qaydada elektroenergetika sahəsində nəzarəti həyata keçirir;

3.0.6.    “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, nazirliyə təqdim edilmiş hidrotexniki qurğuların təhlükəsizliyi bəyannaməsinə rəy verir;

3.0.7.  enerji qurğusunun fəaliyyəti və ya hər hansı hərəkət nəticəsində ətraf mühitə və ya insanların həyat və sağlamlığına müəyyən zərərli təsir təhlükəsi yarandıqda, bu enerji qurğusunun istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması üçün tədbirlərin görülməsində iştirak edir;

3.0.8.  “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət energetika ekspertizasının həyata keçirilməsində iştirak edir;

3.0.9.    əhalinin və iqtisadiyyatın elektrik və istilik enerjisinə olan tələbatının dolğun ödənilməsini təmin etmək üçün tədbirlər görür;

3.0.10. dövlət müəssisələri üzrə elektrik və istilik enerjisinin istehlakı limitlərinin müəyyən olunmasında iştirak edir;

3.0.11. elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrin fəaliyyətində dövlət maraqlarını təmsil edir;

3.0.12.  elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün elektrik və istilik enerjisinin istifadəsi, texnoloji sərfi və itki normalarının müəyyənləşdirilməsində, təsdiq edilməsi üçün təqdim edilməsində və icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;

3.0.13. elektroenergetika sahəsində fəaliyyət göstərən  dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyasının işində iştirak edir;

3.0.14.   elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin hər il üzrə gəlir və xərclər smetalarını razılaşdırılmasında və onların icrasına nəzarətin həyata  keçirilməsində iştirak edir;

3.0.15. elektroenergetika sahəsində enerji səmərəliliyi, enerjiyə qənaət və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərin hazırlanmasında iştirak edir;

3.0.16. elektrik və istilik enerjisinə qənaətə görə müvafiq iqtisadi-maliyyə həvəsləndirilmə mexanizminin yaradılması və tətbiqində, həmçinin enerjiyə qənaət edən proqramların enerjidən səmərəli istifadə fondundan maliyyələşdirilməsi istiqamətlərinin müəyyən edilməsində iştirak edir;

3.0.17. elektroenergetika sahəsində dövlət əmlakından səmərəli istifadə sahəsində tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.18. elektroenergetika sahəsində fəaliyyət göstərən təbii inhisar  subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir;

3.0.19. elektroenergetika sahəsinin təkmilləşdirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.20. enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir;

3.0.21. elektroenergetika sahəsində normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsində və texniki normativ hüquqi aktlarının hazırlanmasında iştirak edir;

3.0.22. elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətini əlaqələndirir;

3.0.23. elektroenergetika sahəsinə aid beynəlxalq müqavilələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.24. Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin elektoenergetika sahəsinə aid məsələləri üzrə inkişaf konsepsiyasının formalaşdırılmasında iştirak edir;

3.0.25. elektroenergetika sahəsinə aid məsələlərlə bağlı beynəlxalq iqtisadi və enerji təşkilatlarının işində, investisiyaların cəlb edilməsi sahəsində beynəlxalq və milli maliyyə-kredit təşkilatları ilə qarşılıqlı əlaqələrdə iştirak edir;

3.0.26.  elektroenergetika  sahəsinə  investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini  bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin edir;

3.0.27. elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin inkişafını təmin etmək məqsədi ilə investisiya layihələrinin hazırlamasında iştirak edir;

3.0.28. fəaliyyət istiqamətləri ilə bağlı elektorenergetika sahəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsində və onların pozulmasının qarşısını alınmasında iştirak edir;

3.0.29.  elektroenergetika sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təmiz (enerji tutumu az olan)  texnologiyaların tətbiq olunmasında iştirak edir;

3.0.30. elektroenergetika sahəsində kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

3.0.31. şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görür;

3.0.32. şöbənin fəaliyyəti ilə bağlı fiziki və hüquqi şəxslərdən daxil olan müraciətlərə və sorğulara baxır, fiziki şəxslərin qəbulunu təmin edir, daxil olmuş müraciətlərə və sorğulara vaxtında cavab verir;

3.0.33. şöbənin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan əməkdaşları Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxır və müvafiq qərarlar qəbul edir;

3.0.34 . fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1.  elektroenergetika sahəsinin inkişaf dinamikasını təhlil etmək;

4.0.2.  elektroenergetika sahəsində əlverişli investisiya şəraiti yaratmaq üçün təkliflər vermək;

4.0.3.  elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin iqtisadi-maliyyə vəziyyətini təhlil etmək və onların fəaliyyətinin iqtisadi tənzimlənmə mexanizminin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə dair təkliflər vermək;

4.0.4.  elektroenergetika sahəsi üzrə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.0.5. elektroenergetika sahəsində normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata  keçirmək;

4.0.6.  elektroenergetika sahəsinə aid olan dövlət mülkiyyətindəki əsas vəsaitlərin balansdan-balansa verilməsinə və balansdan silinməsinə rəy vermək;

4.0.7. elektroenergetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məhdudiyyətlər barədə təkliflər vermək;

4.0.8.  enerji resurslarından səmərəli istifadə sahəsində görülən işlər barədə energetika  sahəsində fəaliyyət göstərən dövlət müəssisələrindən hesabatlar almaq;

4.0.9.  fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.10 elektroenergetika sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.11  elektroenergetika sahəsində işçilərin peşə hazırlığının artırılması üçün xüsusi seminarlar təşkil etmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər tədbirlərdə iştirakını təmin etmək;

4.0.12. müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

4.0.13. elektroenergetika sahəsi üzrə beynəlxalq konfrans, seminar, sərgi və digər tədbirlərdə iştirak etmək, həmin sahə üzrə yerli və beynəlxalq tədbirlərin təşkilini təmin etmək;

4.0.14.  müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.

5.2. Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini (şöbə müdirinin müavinləri) vardır. Şöbə müdirinin müavinləri şöbə müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyırlar. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini şöbə müdirinin müavinlərindən biri həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.5. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.7. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.8. şöbəni təmsil edir.

5.6.  Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.