Azərbaycan Respublikası Energetika Nazirliyinin

Beynəlxalq əməkdaşlıq şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1 Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Beynəlxalq əməkdaşlıq şöbəsinin (bundan sonra – şöbə) əsas vəzifələrini, funksiyalarını, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını və işçilərinin məsuliyyətini müəyyən edir.

1.2 Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində dövlətlərarası iqtisadi əlaqələr, hökumətlərarası komissiyaların fəaliyyəti, Nazirliyin beynəlxalq təşkilatlarla və Avropa İttifaqı ilə əməkdaşlığı, xarici investisiya fəaliyyəti, xarici investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi sahələrində aidiyyəti işlərin, eləcə də Nazirliyə həvalə edilmiş beynəlxalq layihələrin idarə olunmasının təşkilini və tənzimlənməsini həyata keçirir.

1.3 Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.4 Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0.1 Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.2 yanacaq-energetika sahəsində dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi, möhkəmləndirilməsi, inkişafı, genişləndirilməsi və hökumətlərarası komissiyaların fəaliyyəti üzrə tədbirləri işləyib hazırlayır və həyata keçirir;

2.0.3 müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın aparılmasını təmin edir;

2.0.4 qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin əsas vəzifələri

3.0.1 Şöbənin əsas vəzifələri aşağıdakılardır:

3.0.2 Naziriyin və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin yanacaq-energetika sahəsində vahid xarici (beynəlxalq) əlaqələr sahəsində fəaliyyətini hazırlayır, icrasını təmin etmək məqsədilə kompleks tədbirləri yerinə yetirir və bu fəaliyyətə metodiki rəhbərlik edir, daim nəzarətdə saxlayır;

3.0.3 Naziriyin və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin xarici əlaqələrini təşkil edir və bu işə rəhbərlik edir;

3.0.4 Naziriyin və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin təsisçiliyi ilə yaradılmış birgə müəssisələrlə münasibətlərini, o cümlədən yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri üzrə yanacaq-energetika sahəsində fəaliyyət göstərən kommersiya qurumları ilə (şirkətlər, firmalar və s.) əlaqələrini qurur, habelə Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlar (hökumətlərarası, dövlətlərarası, sahəvi, ixtisaslaşmış, qeyri-hökumət təşkilatları və s.), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, xarici ölkələrin energetika sahəsində fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanları (nazirliklər, komitələr, agentliklər və digərləri), Azərbaycanda və xaricdə energetika sahəsində kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlər, assosiasiyalar, federasiyalar, birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və mərkəzləri, təhsil ocaqları ilə qarşılıqlı əlaqələrini qurur və bu istiqamətdə öz funksiyaları daxilində fəaliyyətə metodoloji rəhbərlik və nəzarət edir, habelə monitorinq aparır;

3.0.5 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrin xarici (beynəlxalq) fəaliyyətinin, maraqlarının və hüquqlarının qorunmasını təmin edir;

3.0.6 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin beynəlxalq əlaqələr üzrə strukturlarının (şöbə, sektor və əlaqələndiricilər) fəaliyyətinə nəzarət edir, onların fəaliyyətini təkmilləşdirmək üçün nazirə və hüquqi şəxs statuslu qurumların rəhbərlərinə təkliflər verir;

3.0.7 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi fəaliyyətinə, funksiyalarına nəzarət edir, bununla əlaqədar rüblük və illik hesabatları tələb edir, təhlil edib fəaliyyətin təkmilləşdirilməsi üçün nazirə təkliflər hazırlayır;

3.0.8 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin nümayəndələrinin (rəhbərlərinin, əməkdaşlarının və mütəxəssislərinin) energetika sahəsində təşkil edilən beynəlxalq və regional miqyaslı beynəlxalq tədbirlərdə - konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlərdə iştirakını təmin edir və bununla əlaqədar təkliflər hazırlayır, nazirliyin struktur bölmələrinin (şöbələrinin) rəhbərlərinin təkliflərini araşdıraraq nazirə təqdimatlar hazırlayır;

3.0.9 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin fəaliyyətini təkmilləşdirmək məqsədilə (əsasən  tənzimləmə,özəlləşdirmə, liberallaşma, idarəçilik, texnoparkların yaradılması, istehsal və digər prioritet sahələr) xarici ölkələrdən energetika sahələrində tanınmış mütəxəssisləri dəvət edir, onların Azərbaycandakı fəaliyyətinin təşkil edilməsi ilə əlaqədar kompleks tədbirlər həyata keçirir, əməkdaşlarının xarici ölkələrdəki ixtisasartırma və təhsil (o cümlədən, praktiki) kurslarına göndərilməsini təmin edir, bununla əlaqədar müsabiqələr təşkil edir;

3.0.10 xarici ölkələrdən dəvət edilən şəxslərin (nazirlərin, beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərinin, nüfuzlu şirkətlərin rəhbər işçilərinin və s.) ölkəyə səfərlərinin təşkilinə və bununla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə rəhbərlik və nəzarət edir;

3.0.11 xarici ölkələrin müvafiq qurumları ilə hökumətlərarası sazişlərin (o cümlədən, müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) hazırlanmasına rəhbərlik edir və bu sənədlərin hazırlanması üzrə xaricə ezam olunan hökumət nümayəndələrinin (öncül qrup) tərkibində nazirliyi təmsil edir, o cümlədən, bu məqsədlə xaricdən gələn xarici ölkə nümayəndə heyətləri ilə danışıqlarda və müzakirələrdə nazirliyi təmsil edir;

3.0.12 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri üzrə xarici əlaqələrinin və beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsi məqsədilə energetika sahəsində beynəlxalq və regional miqyaslı beynəlxalq tədbirlərin - konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətləri yüksək səviyyədə təşkil edir;

3.0.13 nazirliyin prioritet hesab etdiyi istiqamətlər üzrə beynəlxalq təşkilatlarla birlikdə inkişaf layihələri, proqramları və nazirliyin əlaqədar strukturları ilə birlikdə investisiya layihələrinin hazırlanmasında iştirak edir, əldə edilmiş maliyyə töfhələri vasitəsilə layihə və proqramlar həyata keçirilməsinə nəzarət edir;

3.0.14 nazirliyin rüblük və illik kollegiya iclasları üçün beynəlxalq əlaqələrin inkişaf etdirilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər və nəzərdə tutulan tədbirlər haqqında hesabatlar hazırlayır;

3.0.15 nazirliyin beynəlxalq əməkdaşlığının təkmilləşdirilməsi istiqamətində nazirə təkliflər verir və zəruri hallarda bu istiqamətdə inkişaf strategiyası hazırlayır;

3.0.16 fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

3.0.17 şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlayır;

3.0.18 şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;

3.0.19 fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4. Şöbənin hüquqları

4.0.1 Şöbənin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.2 Nazirliyin rəhbərliyinin razılığı ilə şöbənin səlahiyyətlərinə, vəzifə və funksiyalarına aid olan məsələlərlə bağlı çıxan sənədləri imzalamaq;

4.0.3 bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmək üçün nazirliyin struktur bölmələrindən və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrindən nazirliyin səlahiyyətləri daxilində digər müəssisə, idarə və təşkilatlardan, onların səlahiyyətli şəxslərindən zəruri materiallar, məlumatlar və sənədlər almaq;

4.0.4 şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı digər dövlətlərin energetika administrasiyaları və korporasiyaları, Azərbaycan Respublikasının digər dövlət hakimiyyət orqanları, həmçinin nazirliyin struktur bölmələri və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələr üzrə birbaşa əlaqə yaratmaq;

4.0.5 nazirliyin beynəlxalq və xarici əlaqələrinin inkişafı və təkmilləşdirilməsi, həmçinin şöbənin işinin təkmilləşdirilməsi üçün nazirliyin rəhbərliyi qarşısında təkliflərlə çıxış etmək;

4.0.6 nazirliyinin digər struktur bölmələri və yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələr üzrə rəhbərlərinin razılığı ilə onların işçilərini şöbənin əsas vəzifələrinin və funksiyalarının həyata keçirilməsini nəzərdə tutan tədbirlərin hazırlanmasına və belə tədbirlərin yerinə yetirilməsinə cəlb etmək, işçi qrupları yaratmaq və görülmüş işlərin icrasını tələb etmək;

4.0.7 şöbənin funksiyalarına aid məsələlər üzrə keçirilən müzakirələrdə, qanunvericiliyin tələblərini nəzərə almaqla nazirlik, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələr üzrə yaradılan komissiyaların, məşvərətçi və əlaqələndirici orqanların işində iştirak etmək;

4.0.8 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri üzrə, habelə səlahiyyətləri daxilində digər aidiyyəti təşkilat və qurumlar ilə yazışmalar aparmaq;

4.0.9 nazirliyin rəhbərliyinin göstərişi ilə şöbənin səlahiyyətinə aid olan məsələlərlə bağlı bütün dövlət qurumlarında və digər təşkilatlarda təmsil olunmaq;

4.0.10 yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri üzrə cari işləri aparmaq, onların fəaliyyətini istiqamətləndirmək, izahatlar və rəhbərliyin imzası ilə şöbənin səlahiyyətinə aid olan məsələlərlə bağlı göstərişlər vermək;

4.0.11 nazirliyin rəhbərliyi ilə razılaşmaya əsasən şöbənin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şəhərlərarası və beynəlxalq telefon danışıqları aparmaq;

4.0.12 şöbənin fəaliyyəti üçün zəruri olan ədəbiyyata, nəşrlərə və elektron məlumat portallarına abunə yazılmaq;

4.0.13 nazirin əmr və göstərişləri ilə nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək;

4.0.14 dövlətlərarası əməkdaşlıq və hökumətlərarası komissiyaların fəaliyyəti istiqamətində təkliflər vermək, bununla bağlı keçirilən danışıqlarda iştirak etmək;

 4.0.15 dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi, möhkəmləndirilməsi, inkişafı və genişləndirilməsi məqsədilə biznes-forumlar, sərgilər, təqdimatlar, konfranslar, seminarlar və digər tədbirlərdə iştirak etmək;

4.0.16 Nazirlikdə həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə fəaliyyət istiqamətləri üzrə iştirak etmək;

4.0.17 Nazirliyin strukturları tərəfindən hazırlanmış qanunvericilik aktlarının, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların), təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair rəy və təkliflər vermək;

4.0.18 bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində təkliflər hazırlamaq, Nazirliyin struktur bölmələrinə müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.19 fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

4.0.20 Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.21 fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;

4.0.22 dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;

4.0.23 fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.24 müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.0.25  fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1 Şöbənin strukturu və əməkdaşlarının sayı nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Dövlətlərarası əməkdaşlıq sektoru və Beynəlxalq təşkilatlarla iş sektoru daxildir.

5.2 Şöbəyə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3 Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müdir müavini həyata keçirir.

5.4 Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5 Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1 şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.2 şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.3 şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.4 şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.5 şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.6 daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.7 şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.8 şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.9 şöbəni təmsil edir.

5.6 Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

6. Dövlətlərarası əməkdaşlıq sektorunun vəzifələri

6.0.1 dövlətlərarası əməkdaşlıq və hökumətlərarası komissiyaların fəaliyyəti istiqamətində aidiyyəti dövlət orqanları ilə birlikdə işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

6.0.2 dövlətlərarası əməkdaşlığın yaradılması, həyata keçirilməsi, möhkəmləndirilməsi, inkişafı və genişləndirilməsi ilə bağlı tədbirlər görür;

6.0.3 dövlətlərarası əməkdaşlıq sahələrində qanunvericilik aktlarının, beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların), təşkilati-sərəncamverici sənəd layihələrinin hazırlanmasında və təkmilləşdirilməsində iştirak edir;

6.0.4 dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi, hökumətlərarası komissiyaların fəaliyyətinin genişləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflər hazırlayır;

6.0.5 dövlətlərarası əməkdaşlıq və hökumətlərarası komissiyaların fəaliyyəti istiqamətində tədbirlər təşkil etmək, bu sahədə digər dövlət orqanlarının işini əlaqələndirir;

6.0.6 dövlətlərarası əməkdaşlıq və hökumətlərarası komissiyaların fəaliyyəti istiqamətində Azərbaycan Respublikasının tərəfdar çıxdığı və ya imzaladığı beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların və s.) yerinə yetirilməsi üçün aidiyyəti tədbirlər görür;

6.0.7 dövlətlərarası əməkdaşlıq və hökumətlərarası komissiyaların fəaliyyəti istiqamətində Nazirliyin rəhbər şəxslərinin keçirdiyi görüşlərdə, forumlarda, səfərlərdə və digər tədbirlərdə iştirak etmək, bununla bağlı məlumatlar hazırlayır;

6.0.8 Azərbaycanla digər ölkələr arasında mövcud olan, o cümlədən Nazirliyin rəhbər vəzifəli şəxslərinin də təmsil olunduğu hökumətlərarası komissiyaların, işçi qrupların fəaliyyətinin həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər görür;

9.0.9 dövlətlərarası iqtisadi əməkdaşlıq və hökumətlərarası komissiyaların fəaliyyəti istiqamətində mövcud vəziyyəti mütəmadi araşdırmaq və nəticələrinə dair arayışlar, təkliflər və icmal hesabatlar hazırlamaq, dövri məlumat bazası yaradır.

 

7. Beynəlxalq təşkilatlarla iş sektorunun vəzifələri

7.0.1 beynəlxalq təşkilatlar, donorlar, habelə Nazirliyin fəaliyyətinə aid edilmiş sahələrdə digər beynəlxalq təşkilatlar tərəfindən daxil olmuş müraciətlərə, hesabat və məlumatlara baxmaq, ölkənin maraqları baxımından onlara dair rəy və təkliflər verir;

7.0.2 beynəlxalq müqavilələrdən (sazişlərdən, konvensiyalardan) və beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş digər sənədlərdən irəli gələn öhdəliklərin Nazirliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirir, ölkənin qeyd olunan sənədlərdə iştirakının məqsədəuyğunluğuna dair rəy verir;

7.0.4 ölkənin regional və beynəlxalq təşkilatlar, beynəlxalq donor və digər təşkilatlarla münasibətlərinin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görür;

7.0.5 beynəlxalq təşkilatlar, beynəlxalq donorlar və digər təşkilatlar tərəfindən qəbul edilmiş aidiyyəti regional və ölkə strategiyalarının, proqramlarının və regional layihələrin Nazirliyin fəaliyyət istiqamətləri üzrə ekspertizasını həyata keçirmək və bu sənədlərin milli prioritetlərlə uzlaşdırılması üçün təkliflər hazırlayır;

7.0.6 beynəlxalq təşkilatlara üzvlüklə bağlı ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, konvensiyaların və s.) icrasına Nazirliyin fəaliyyət istiqamətləri üzrə nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün lazım olan tədbirləri görür;

7.0.7 Nazirliyə həvalə edilmiş beynəlxalq layihələrin idarə olunmasını səmərəli təşkil edir;

7.0.8 fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, fiziki və hüquqi şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə edir;

7.0.9 fəaliyyət istiqamətləri üzrə dövlət orqanlarına, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlayır;

7.0.10 fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin (sazişlərin, kontraktların) icrasına nəzarət etmək və həmin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görür.