Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2017-ci il tarixli "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmanına əsasən ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə "Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası" təsdiq edilib və bununla bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərində 8 Texniki Şura yaradılıb.

Hazırda 1 və 2 saylı  “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində Texniki Şuralar fəaliyyət  göstərməkdədir.

15 may 2017-ci il tarixindən fəaliyyətə başlayan Texniki Şuralara 2018-ci ilin may ayınadək elektrik şəbəkəsinə qoşulmaq üçün sahibkarlar tərəfindən ümümilikdə 1480 müraciət daxil olub. Bu müraciətlərdən 1192-si təmin olunub və hazırlanmış texniki şərt, layihə və smeta sənədləri Texniki Şura tərəfindən sifarişçilərə təqdim edilib. 152 müraciət isə təmin olunsa da sənədlər sifarişçilər tərəfindən hələlik götürülməyib. Sahibkarlar tərəfindən təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlara görə 52 müraciətə baxılmayıb, 84 müraciət isə icrada saxlanılıb.      

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 04.04.2017-ci il tarixli 1313 nömrəli Fərmanina əsasən, sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurunun sadələşdirilməsi məqsədilə vahid pəncərə sistemi üzrə prosedurlar 7-dən 3-ə salınıb, elektrik şəbəkəsinə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.


1. Sərbəst güclər və qoşulma imkanları haqqında məlumat