Azərbaycan Respublikası Energetika Nazirliyinin

Protokol xidməti sektoru haqqında

 

ƏSASNAMƏ

 

1.Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Protokol xidməti sektorunun (bundan sonra – sektor) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Sektor Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Sektor bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirlikdə rəsmi və işgüzar qəbulların, görüşlərin, habelə qonaqların qarşılanması, yola salınması, Azərbaycan Respublikası energetika nazirinin (bundan sonra - nazir) iştirakı ilə keçirilən tədbirlərlə bağlı protokol xidməti təminatının təşkilini və tənzimlənməsini həyata keçirir.

1.3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və nazirin əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2.Sektorun fəaliyyət istiqamətləri

2.0. Sektorun fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Nazirlikdə protokol xidməti təminatının təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin edir;

2.0.2. Nazirliyin strukturları tərəfindən protokol xidməti sahəsində işlərin aparılmasına metodiki rəhbərliyi həyata keçirir;

2.0.3. Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.Sektorun vəzifələri

3.0. Sektor bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. Nazirliyin rəhbərliyi tərəfindən keçirilən müşavirələr, iclaslar, rəsmi qəbul və görüşlərdə, habelə Nazirlik tərəfindən keçirilən digər tədbirlərdə beynəlxalq təcrübəyə, milli adət-ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarına əsaslanaraq, protokol xidmətinin həyata keçirilməsini, qeyd edilən tədbirlərin keçirildiyi yerlərin hazırlanmasını təmin edir;

3.0.2. Nazir və nazir müavinləri ilə beynəlxalq təşkilatların, səfirliklərin və digər diplomatik qurumların nümayəndələrinin və xarici nümayəndə heyətlərinin Nazirlikdə görüşlərini protokol qaydalarına uyğun təşkil edir, onların, habelə nazirin göstərişi ilə digər iclas və müşavirələrin müvafiq qaydada qeydiyyatının aparılmasını təmin edir;

3.0.3. Qonaqların qarşılanmasını, müşayiət olunmasını, yola salınmasını, oturuşun tənzimlənməsini və masada protokol xidmətinin təşkilini ümumi qəbul olunmuş protokol qaydalarına uyğun olaraq həyata keçirir;

3.0.4. Nazirliyin rəhbərliyinin xarici səfərləri ilə bağlı pasport-viza məsələlərinin həll edilməsini, hava limanında (yerli və xarici) VIP salonun sifarişini, Azərbaycan Respublikasının müvafiq xarici ölkədə akkreditasiya olunmuş diplomatik nümayəndəliyinə lazımi məlumatların çatdırılmasını və digər zəruri tədbirlər görülməsini səlahiyyətləri daxilində təmin edir;        

3.0.5. Nazirliyin rəhbərliyinin və əməkdaşlarının xarici ölkələrə ezamiyyətə getmələri ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və xarici ölkələrin Azərbaycan Respublikasında akkreditasiya olunmuş səfirlikləri ilə əməkdaşlığı həyata keçirir;

3.0.6. Nazirliyin rəhbərliyinin dəvəti ilə xarici nümayəndələrin Azərbaycan Respublikasına səfərləri ilə əlaqədar səfər proqramlarını hazırlanmasını və onun müvafiq qaydada reallaşdırılmasını təmin edir;

3.0.7. Nazirlik tərəfindən keçirilən tədbirlərə dəvət edilmiş qonaqları qarşılayır, müşayiət edir, xarici qonaqların ölkədə qalması ilə bağlı məsələlərdə köməklik göstərilməsini və bununla bağlı digər zəruri işlərin həyata keçirilməsini səlahiyyətləri daxilində təmin edir;

3.0.8. Nazirliyin strukturları tərəfindən protokol qaydalarının həyata keçirilməsini əlaqələndirir və bu sahədə onlara lazımi yardım göstərir;

3.0.9. Qonaqlar tərəfindən nazirə və nazir müavinlərinə təqdim olunan hədiyyələri qeydə alır və Nazirlikdə saxlanılması üçün zəruri tədbirlər görür;         

3.0.10. Nazir və nazir müavinlərinin ölkədə olan qonaqlara təqdim etmək məqsədilə Azərbaycan tarixini, mədəniyyətini, musiqisini və Qarabağ probleminin həqiqətlərini özündə əks etdirən hədiyyələr paketinin hazırlanmasını təşkil edir;                

3.0.11. Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

3.0.12. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

 

4.Sektorun hüquqları

4.0. Sektor  öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər aparmaq, analitik materiallar hazırlamaq, muvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.0.2. Müvafiq sahədə mutəxəssis hazırlanması, işcilərin ixtisasının artırılması, daxili və beynəlxalq protokol və etiket qaydalarının dərindən mənimsənilməsi məqsədilə müvafiq təlimlərdə iştirak etmək üçün təkliflər vermək;

4.0.3. Nazirlikdə həyata keçirilən rəsmi və işgüzar qəbullarda, görüşlərdə fəaliyyət istiqamətləri üzrə iştirak etmək;

4.0.4. Nazirliyin strukturları tərəfindən protokol xidməti sahəsində işlərin qurulmasında mərkəzləşdirilmiş və vahid yanaşmanın təmin olunması məqsədilə səlahiyyətləri daxilində tədbirlər görmək, bu işin əlaqələndirilməsi üçün təkliflər hazırlamaq;

4.0.5. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində Nazirliyin struktur bölmələrinə, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinə, digər müəssisə, idarə və təşkilatlara müvafiq sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.0.6. Fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində Nazirliyi dövlət orqanları, beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, fiziki və hüquqi şəxslər qarşısında təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;

4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.8. Fəaliyyət istiqamətlərinə uyğun xarici dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

4.0.9. Sektorun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək;

4.0.10. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.Sektorun fəaliyyətinin təşkili

5.1. Sektorun strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.           

5.2. Sektora nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sektor müdiri rəhbərlik edir. Sektor müdiri sektora həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.           

5.3. Sektor müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada sektorun əməkdaşlarından biri və ya nazir tərəfindən təyin edilmiş digər şəxs həyata keçirir;

5.4. Sektorun digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir;

5.5. Sektor müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. Sektorun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. Sektorun əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. Sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. Sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün rəhbərliyə təqdimat verir;

5.5.5. Sektorun vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan  zəruri məlumat və sənədləri alır;

5.5.6. Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.7. Sektorda kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.8. Sektorun əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdı-rılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.9. Sektoru təmsil edir.

5.6. Sektorun əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.