TRANS-ANADOLU  BORU KƏMƏRİ

      Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

   Ümumi uzunluğu 1850 kilometr olan TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir.

      Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

     Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Faza-0, yəni 2018-ci ilin ortalarında Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlərin 91 faizi görülüb. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

    Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlərin isə 73 faizi görülüb.

    “Trans-Anadolu” qaz boru kəmərinin dəniz hissəsinin tikintisi 2018-ci ilin əvvəlində tam başa çatacaq. Dəniz hissəsində ümumilikdə işlərin 60 faizi görülüb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 90 faizi icra olunub. 

      TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollardır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

       TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.