TRANS-ANADOLU  BORU KƏMƏRİ

      Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

   Ümumi uzunluğu 1850 kilometr olan TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir.

      Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

     Boru kəmərinin 1340 kilometrlik hissəsi artıq tamamlanıb və qaz Əskişəhərə çatdırılıb. Bu hissədə fiber-optik kabel də çəkilib. Bu ilin iyulunda kommersiya məqsədilə ilk qazın Türkiyəyə verilməsi nəzərdə tutulur. Layihənin ilk fazası üzrə işlər 99 faizi icra edilib, ikinci fazada isə 80 faiz irəliləyişə nail olunub. Boru kəmərinin dəniz hissəsində də işlər tamamlanıb, borular suyun altına döşənib.

      İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə bu həcm 6 milyard kubmetrə çatdırılacaq.

      TANAP-ın ümumi dəyəri 7,99 mlrd. dollardır. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

       TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.