ŞAHDƏNİZ MƏRHƏLƏ-2

     “Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz  qazı 2500 metr  hündürlüyə qalxaraq  və dəniz  dibində  800 metr  dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək. Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:

-körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;

-2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;

-quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası;

-dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;

 -yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi;

       Layihə üzrə işlər  99,2 faizi icra olunub. Tikilən iki platformanın dayaq blokları və üst tikililəri dənizdə quraşdırılıb. Xankəndi gəmisinin tikintisi başa çatıb. 16 quyu qazılıb, 6 quyu istismara hazırdır. Bu layihədən ilk qaz 2018-ci ildə əldə ediləcək. 

       "Şahdəniz 2" layihəsinin dəyəri 23,8 mlrd, dollar təşkil edir.

 

 

"CƏNUB QAFQAZ BORU KƏMƏRİ"NİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ

     Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Layihə üzrə işlərə 2013-cü ildə başlanıb. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Gürcüstan və Türkiyə sərhədində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq. Boru kəməri 2018-ci ildə istismara verildikdən sonra il ərzində 23.46 milyard kub metrə qədər qaz ixrac edəcək.

     Azərbaycanda və Gürcüstanda  əsas boru kəməri xəttinin inşası,   hər iki kompressor  və nəzarət-ölçü stansiyasılarında tikinti-quraşdırma işləri tamamlanıb  və istismar sınaqları aparılır. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin  100 faizi yerinə yetirilib.

     Layihənin ümumi dəyəri  4,7 mlrd. dollardır .