ŞAHDƏNİZ MƏRHƏLƏ-2

     “Şahdəniz Mərhələ 2” layihəsi “Şahdəniz Mərhələ 1” layihəsindən hasil olunan illik 10 milyard kub metr qazdan əlavə 16 milyard kub metr qaz hasil edəcək nəhəng bir layihədir. Şah Dəniz  qazı 2500 metr  hündürlüyə qalxaraq  və dəniz  dibində  800 metr  dərinliyinə  enərək 3500 kilometr  məsafə boyunca nəql ediləcək. Layihəyə aşağıdakı işlərin görülməsi daxildir:

-körpü ilə birləşdirilən iki dəniz platformasının tikilməsi;

-2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması;

-quyuları sahildəki terminal ilə birləşdirəcək 500km uzunluğunda sualtı boru kəmərlərinin inşası;

-dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi;

 -yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi;

       Layihə üzrə işlər  99 faiz icra olunub. Tikilən iki platformanın dayaq blokları və üst modulları dənizdə quraşdırılıb, hazırda istismar sınaqları aparılır. Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün inşa edilmiş Xankəndi gəmisi istismara verilib. Səngəçal  terminalında Şahdəniz 2 üçün genişləndirmə işləri də başa çatıb. Hazırda yeni Şahdəniz 2 qurğularının istismar sınaqları davam edir. Səngəçal terminalına aparan sualtı xəttlər, quyular, sualtı infrastruktur, Şahdəniz 2 platforması və terminal ilk dəfə olaraq artıq bir-biri ilə bağlanıb. Səngəçal terminalı bu ilin II rübünün sonunadək əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sisteminə vurmağa hazır olacaq. Layihə çərçivəsində 14 quyu qazılıb, 4 quyu istismara hazırdır. Bu layihədən ilk qaz 2018-ci ildə əldə ediləcək. 

       "Şahdəniz 2" layihəsinin dəyəri 23,8 mlrd, dollar təşkil edir.

 

 

"CƏNUB QAFQAZ BORU KƏMƏRİ"NİN GENİŞLƏNDİRİLMƏSİ LAYİHƏSİ

     Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Şahdəniz yatağının tam miqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Layihə üzrə işlərə 2013-cü ildə başlanıb. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinə Azərbaycan boyu yeni kəmərin çəkilməsi, Gürcüstanda iki yeni kompressor stansiyasının tikilməsi daxildir. Gürcüstan və Türkiyə sərhədində kəmər başqa kəmərlə birləşərək qazı Türkiyəyə və Avropaya çatdıracaq. Boru kəməri 2018-ci ildə istismara verildikdən sonra il ərzində 23.46 milyard kub metrə qədər qaz ixrac edəcək.

     Azərbaycanda və Gürcüstanda  əsas boru kəməri xəttinin inşası tamamlanıb. Azərbaycan hissəsində hidro-sınaqlar aparılır. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin  99 faizi yerinə yetirilib.Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini  təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib.

        Layihənin ümumi dəyəri  4,7 mlrd. dollardır .

Ümumilikdə Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi.