Azərbaycan Respublikası Energetika Nazirliyinin

Daxili nəzarət şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Daxili nəzarət şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və şöbədə işin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikası energetika nazirinə (bundan sonra - nazir) tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onun struktur bölmələrin və tabeliyində olan qurumların funksional fəaliyyəti və həmin struktur bölmələrin və tabeliyində olan qurumların əməkdaşlarının xidməti fəaliyyəti üzrə daxili nəzarət tədbirlərini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, nazirin əmr və sərəncamlarını (bundan sonra - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2. Şöbə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1. Nazirlikdə və tabeliyində olan qurumlarda daxili nəzarət tədbirlərini təşkil edir və həyata keçirir;

2.2. Nazirliyin fəaliyyəti ilə bağlı analitik iş aparır;

2.3. Nazirliyin fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma işini həyata keçirir;

2.4. Nazirliyin struktur bölmələrin və tabeliyində olan qurumların işinin təşkilinə dair məsələlərini həll edir;

2.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, şöbənin vəzifələri aşağıdakılardır:

3.1. Nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

3.2. energetika sahəsində islahatların aparılmasına və inkişafın sürətləndirilməsinə yönəlmiş dövlət proqramlarına, inkişaf konsepsiyalarına, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair təkliflər hazırlamaq;

3.3. şöbənin fəaliyyətini reqlamentləşdirən və tətbiq etdiyi daxili nəzarət sistemini tənzimləyən normativ-metodiki bazanı formalaşdırmaq və təkmilləşdirmək;

3.4. aidiyyəti dövlət proqramlarının və inkişaf konsepsiyalarının yerinə yetirilməsini təşkil etmək, onların həyata keçirilməsi ilə bağlı işləri əlaqələndirmək;

3.5. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların işini əlaqələndirmək;

3.6. Nazirliyin kollegiyasının işini və əməliyyat müşavirələrinin keçirilməsini təşkil etmək;

3.7. Nazirliyin kollegiya iclaslarının protokollarını aparmaq, qərarlarının, nazirin təşkilati və digər aidiyyəti əmr və sərəncamlarının, Nazirlik üzrə digər müvafiq sənədlərin layihələrini hazırlamaq;

3.8. hüquqi aktların, Nazirliyin kollegiyasında qəbul edilmiş qərarların, habelə Nazirlik üzrə əmr və sərəncamların icrasına nəzarəti həyata keçirmək, onların icra vəziyyətini mütəmadi olaraq ümumiləşdirmək;

3.9. Nazirliyin fəaliyyətini tənzimləyən hüquqi aktlarına dair təkliflər vermək;

3.10. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda icra intizamına, o cümlədən yuxarı dövlət orqanları və nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş sənədlərin vaxtında və düzgün icrasına nəzarət etmək;

3.11. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyətinə dair hesabatlarının vaxtında təqdim edilməsinə, habelə onların tamlığına və keyfiyyətinə nəzarət etmək;

3.12. səlahiyyətlərinə aid olan məsələlər üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, Nazirlikdə və tabeliyində olan qurumlarda icra intizamının yoxlanılması ilə bağlı planlarını hazırlamaq;

3.13. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları və onların əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı vətəndaşların, sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə dair fəaliyyət istiqamətləri üzrə müvafiq təkliflər vermək, vətəndaşların və sahibkarların hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin gözlənilməsinə nəzarəti həyata keçirmək;

3.14. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində daxili nəzarət tədbirləri, o cümlədən xidməti yoxlamalar, daxili audit və monitorinqlər həyata keçirmək;

3.15. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə şöbəyə vətəndaşlardan, sahibkarlıq subyektlərindən, dövlət və qeyri-dövlət orqanlarından, habelə Nazirliyin struktur bölmələrindən və tabeliyində olan qurumlardan daxil olmuş təqdimatlar və müraciətlər üzrə qanunvericiliyə uyğun tədbirlərin görülməsini təmin etmək;

3.16. Nazirliyin fəaliyyət istiqamətləri və fəaliyyət istiqamətlərinin ayrı-ayrı məsələləri üzrə ümumiləşdirmələr, təhlillər aparmaq və təkliflər vermək;

3.17. aparılan islahatlar nəticəsində Nazirliyin funksional strukturunun fəaliyyətinin müasir tələblərə cavab verən yeni iş prosesləri əsasında təşkil edilməsi üçün tədbirlər görmək;

3.18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda araşdırma və xidməti yoxlamalar aparmaq;

3.19. nazirin göstərişi ilə Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə iştirak etmək;

3.20. daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri olan əməllər müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün iş üzrə materialların aidiyyəti hüquq mühafizə orqanlarına göndərilməsi barədə Nazirliyin rəhbərliyinə təqdimat vermək;

3.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və yeniliklərin tətbiqi məqsədilə Nazirliyin rəhbərliyinə təkliflər vermək, onların tətbiqi ilə bağlı metodiki köməklik göstərmək;

3.22. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlar üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və nəticələri üzrə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

3.23. Nazirliyin iş planının layihəsini tərtib etmək;

3.24. Nazirliyin iş planının icrasına nəzarət etmək;

3.25. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşları tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verilməsi hallarını istisna edən tədbirlərlə bağlı təkliflər vermək;

3.26. korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda daxili nəzarət tədbirləri həyata keçirmək və nəticələri barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;

3.27. Nazirliyin fəaliyyət istiqamətləri üzrə maarifləndirmə işində iştirak etmək;

3.28. şöbənin əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

3.29. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək;

3.30. daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək, Nazirliyin rəhbərliyinə müvafiq təkliflər vermək;

3.31. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Şöbənin hüquqları

4.0.  Şöbənin vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır:

4.0.1. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda daxili nəzarət tədbirləri, o cümlədən araşdırmaları, daxili audit, monitorinqlər, xidməti yoxlamaların aparılması ilə bağlı məsələ qaldırmaq və həyata keçirmək.

4.0.2. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Nazirliyin struktur bölmələrindən və tabeliyində olan qurumlardan şifahi və yazılı qaydada şöbənin müəyyən etdiyi formada, müddətlərdə və dövrlər üzrə arayış, məlumat, hesabat və izahatlar (o cümlədən, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”na əsasən Nazirliyin əməkdaşlarının nazir tərəfindən müəyyən olunan müvafiq quruma təqdim etdikləri maliyyə xarakterli məlumatlar haqqında sənədləri) almaq, habelə Nazirlikdə tətbiq olunan bütün elektron informasiya resurslarına daxil olmaq;

4.0.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi məqsədilə Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarını və aidiyyəti şəxslərin şöbəyə dəvət etmək, onlardan icraatda olan iş üzrə lazımi məlumat, arayış və izahatlar almaq;

4.0.4. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların hüquqpozmalara yol vermə hallarına dair əməkdaşlarının daxil olmuş korrupsiya materiallar ilə üzrə bağlı xidməti araşdırmalar və yoxlamalar aparmaq, daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozmalar və onlara aidiyyəti olan şəxslər barədə sənədləri, hesabatları və məlumatları Nazirliyin struktur bölmələrindən və tabeliyində olan qurumlardan götürmək, yaranmış xidməti zərurətlə əlaqədar maneəsiz olaraq Nazirliyin və tabeliyində olan qurumların yerləşdiyi inzibati və xidməti binalara, iş yerlərinə daxil olmaq və nəzarət tədbirləri həyata keçirmək;

4.0.5. daxili nəzarət tədbirlərinin xüsusiyyətləri nəzərə alınmaqla və zərurət yarandıqda daxili nəzarət qruplarının tərkibinə daxil edilmək üçün Nazirliyin struktur bölmələrindən və tabeliyində olan qurumlardan, kənar təşkilatlardan mütəxəssislərin və ekspertlərin cəlb olunması üçün Nazirliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq;

4.0.6. öz vəzifələrinin icrası ilə bağlı zərurət yarandıqda Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarından xidməti vəsiqələrini təqdim etmələrini tələb etmək;

4.0.7. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyət sahələri və istiqamətləri üzrə müstəqil şəkildə təhlillər və araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq, müvafiq təkliflər vermək;

4.0.8. zərurət yarandığı hallarda daxili nəzarət tədbirləri ilə əhatə olunmuş dövr üzrə təkrar tədbirlər həyata keçirmək;

4.0.9. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşları tərəfindən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək və əməkdaşların müvafiq məsuliyyətə cəlb olunması məsələsinə baxılması barədə təqdimatlar vermək;

4.0.10. xidməti zərurətlə əlaqədar Nazirliyin struktur bölmələrinə və tabeliyində olan qurumlara, dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə müvafiq qaydada sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.11. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları tərəfindən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;

4.0.12. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə iştirak etmək, müvafiq sahədə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün təkliflər vermək;

4.0.13. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. Şöbənin strukturuna Xidməti yoxlamalar sektoru və İnzibati-təşkilati nəzarət sektoru daxildir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Şöbə müdiri:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.5.3. şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.5. Nazirliyin kollegiya iclaslarının keçirilməsini təşkil edir, habelə iclas protokollarının və müzakirə olunan məsələlərlə bağlı qərarların keyfiyyətli, dolğun hazırlanmasını təmin edir;

5.5.6. şöbənin fəaliyyəti ilə bağlı məsələləri Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması üçün təşəbbüs göstərir, bu məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

5.5.7. bu Əsasnamənin 1.3-cü bəndində göstərilən qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin, habelə Nazirliyin iş planında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti təşkil edir;

5.5.8. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar verir;

5.5.9. şöbənin bu Əsasnamə ilə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsi üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.10. şöbəyə daxil olan icra xarakterli sənədlərə, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.11. daxili nəzarət tədbirləri zamanı vətəndaşlar (və ya sahibkarlar) və (və ya) Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə, bu barədə məlumatı müvafiq tədbirlərin görülməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmələrinə və tabeliyində olan qurumlara göndərir;

5.5.12. şöbənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Nazirliyin rəhbərliyinə təkliflər verir;

5.5.13. vətəndaşları qəbul edir;

5.5.14. səlahiyyətləri daxilində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilən rəy və təklifləri, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.5.15. səlahiyyətlərin bir hissəsinin həyata keçirilməsini müavininə tapşırır;

5.5.16. şöbəni təmsil edir.

5.5.17. öz səlahiyyətləri daxilində digər məsələləri həll edir;

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.