Azərbaycan Respublikası Energetika Nazirliyinin

Hüquq şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Hüquq şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri) və tabeliyində olan qurumların fəaliyyəti ilə bağlı normativ hüquqi təminat, hüquqi təhlil və ekspertiza sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra – nazir) əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda normayaratma fəaliyyətinin həyata keçirilməsini təmin edir;

2.0.2. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda normayaratma fəaliyyətinin həyata keçirilməsinə metodiki və əməli rəhbərliyi həyata keçirir;

2.0.3. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda hüquqi təhlil və ekspertiza işlərinin təşkilini və təkmilləşdirilməsini təmin edir;

2.0.4. Nazirliyin məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil olunmasını, hüquq və qanuni mənafelərinin müdafiəsini təmin edir;

2.0.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Şöbənin vəzifələri

3.0. Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.0.1. hüquqi aktların, o cümlədən yanacaq-energetika sahəsini tənzimləyən hüquqi aktların və Nazirliyin hüquqi aktlarının layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;

3.0.2. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən normayaratma fəaliyyətinin həyata keçirilməsinə metodiki və əməli rəhbərliyi həyata keçirir;

3.0.3. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış və ya Nazirliyə daxil olmuş normativ hüquqi akt, beynəlxalq və digər  müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirir və onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər verir;

3.0.4. Azərbaycan Respublikası Prezidentinin nazirliyə verilmiş tapşırıqlarına əsasən karbohidrogen ehtiyatlarının hasilatın pay bölgüsü və ya digər şərtlərə uyğun işlənməsi barədə sazişlərin layihələrinin hazırlanmasında iştirak edir;

3.0.5. Nazirliyin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanmasında iştirak edir və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;

3.0.6. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər verir;

3.0.7. Azərbaycan Respublikasının məhkəmələrində Nazirliyin hüquq və qanuni mənafelərini müdafiə edir, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlanmasını təmin edir;

3.0.8. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Nazirliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin edir;

3.0.9. müvafiq hüquqi aktlarda və dövlət proqramlarında Nazirliyə həvalə edilmiş tədbirlərin, habelə Nazirliyin hüquqi aktlarında nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) həyata keçirilməsində iştirak edir;

3.0.10. Nazirliyin struktur bölmələrinə və tabeliyində olan qurumlara Nazirliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərir, arayışlar, rəylər və qanunvericilyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər verir;

3.0.11. Nazirliyin normativ hüquqi aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini təmin edir;

3.0.12. Nazirliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları, təlimatları və digər normativ sənədləri təhlil edir, onların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

3.0.13. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər verir, arayışlar və rəylər hazırlayır;

3.0.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbənin iş planını, görülmüş işlər haqqında dövrlər üzrə hesabatlar hazırlayır və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflər verir;

3.0.15. yanacaq-energetika sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak edir;

3.0.16. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin edir və onların pozulmasının qarşısını alır;

3.0.17. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

3.0.18. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır;

3.0.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə Nazirliyin hüquqi aktlarının layihələrinə dair təkliflər hazırlamaq;

4.0.2. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, hüquqi aktların, o cümlədən yanacaq-energetika sahəsini tənzimləyən hüquqi aktların və Nazirliyin hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

 4.0.3. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

4.0.4. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.0.5. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;

4.0.6. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı Nazirliyi dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Nazirliyi təmsil etmək, onların işində iştirak etmək;

4.0.8. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və yanacaq-energetika sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

4.0.9. Nazirliyin struktur bölmələrində və tabeliyində olan qurumlarda idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;

4.0.10. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.0.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Şöbənin strukturuna Hüquqi təhlil və ekspertiza sektoru daxildir.

5.2. Şöbəyə nazir tərəfindən vəzifəyə vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müdir müavini həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər.

5.5. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.11. şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

6. Hüquqi təhlil və ekspertiza sektorunun vəzifələri

6.0. Hüquqi təhlil və ekspertiza sektorunun vəzifələri aşağıdakılardır:

6.0.1. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumlar tərəfindən hazırlanmış və ya Nazirliyə daxil olmuş normativ hüquqi akt, beynəlxalq və digər  müqavilə layihələrinin hüquqi ekspertizasını həyata keçirir və onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər verir;

6.0.2. Nazirliyin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanmasında iştirak edir və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirir;

6.0.3. Azərbaycan Respublikasının məhkəmələrində Nazirliyin hüquq və qanuni mənafelərini müdafiə edir, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlanmasını təmin edir;

6.0.4. Nazirliyin struktur bölmələrinə və tabeliyində olan qurumlara Nazirliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərir, arayışlar, rəylər və qanunvericilyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər verir;

6.0.5. Nazirliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları, təlimatları və digər normativ sənədləri təhlil edir, onların təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

6.0.6. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların fəaliyyəti prosesində qarşıya çıxan məsələlərə dair hüquqi məsləhətlər verir, arayışlar və rəylər hazırlayır;

6.0.7. fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirlikdə yaradılmış komissiyalarda, işçi qruplarında şöbəni təmsil edir və onların işində iştirak edir;

6.0.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər verir;

6.0.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.