Azərbaycan Respublikası Energetika Nazirliyinin

İnsan resursları və dövlət qulluğu şöbəsi haqqında  
 

ƏSASNAMƏ

 

 

1.   Ümumi  müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikasının Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) İnsan resursları və dövlət qulluğu şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, funksiyalarını, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikasının energetika nazirinə (bundan sonra - nazir) tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumların fəaliyyəti ilə bağlı əmək qanunvericiliyi sahəsində qəbul edilmiş aktların tətbiqini, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulmasını, həmçinin dövlət qulluqçularının və dövlət qulluqçusu olmayan əməkdaşların etik davranış qaydalarına əməl edilməsini, əlavə təhsilini, peşə hazırlığının artırılmasını, qiymətləndirilməsini, təlimini və insan resurslarının idarəedilməsi istiqamətində fəaliyyətinin təşkilini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və nazirin əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, tabeliyində olan qurumlar, dövlət və özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Şöbə üzərində adı həkk olunmuş dairəvi möhürə malikdir.

 

2.  Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin  fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Nazirliyin dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin  təşkilini və təkmilləşdirilməsini təmin edir;

2.0.2. Nazirliyin insan resursları ilə təminatını, ehtiyat kadrların   formalaşdırılmasını, həmçinin insan resurslarının idarəedilməsi sahəsində işlərin təşkilini həyata keçirir;

2.0.3. dövlət qulluqçularının əlavə təhsil, təlim ehtiyaclarının müəyyən edilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsini təmin edir;

2.0.4. insan kapitalının inkişafı sahəsində tədbirlər hazırlayır və həyata keçirir;

2.0.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.  Şöbənin vəzifələri

3.0. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.0.1. fəaliyyət istiqamətləri çərçivəsində insan resurslarının idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. insan resurslarının idarəedilməsi texnologiyalarının təkmilləşdirilməsinə dair beynəlxalq təcrübəni öyrənmək və bu təcrübənin tətbiqi ilə əlaqədar rəhbərliyə təkliflər  verir;

3.0.3.  Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumların yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirir;

3.0.4.  Nazirliyin struktur bölmələrində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak edir və qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, illik yekun hesabatlarını hazırlayır və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir;

3.0.5.  Nazirliyin struktur bölmələrinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi nəticələrini təhlil edir və təkliflər verir;

3.0.6.  dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görür;

3.0.7.  daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə and içməsini təmin edir;

3.0.8.  Nazirliyin ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında rəhbərliyə təkliflər verir;

3.0.9.  Nazirliyin əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarını aidiyyəti qurumlarla birlikdə müəyyən edir, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər həyata keçirir;

3.0.10. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini təmin edir;

3.0.11. staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil edir;

3.0.12. dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələbləri müəyyən edir və qulluq funksiyalarının hazırlanması işini həyata keçirir;

3.0.13. rəhbər vəzifələr üzrə ehtiyat kadrlar siyahısını formalaşdırır və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlayır, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparır, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlayır;

3.0.14. Nazirliyin müəyyən olunmuş qulluq reqlamentinə və daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak edir;

3.0.15. Nazirliyin əməkdaşlarının mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması barədə sənədləşmə işlərini aparır;

3.0.16. insan resurslarının idarəedilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək ümumiləşdirir və tətbiq edilməsi istiqamətində təkliflər verir;

3.0.17. Nazirlikdə baş verən kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir;

3.0.18. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının təlim ehtiyaclarını öyrənir və bu istiqamətdə tədbirlər həyata keçirir;

3.0.19. yeni təyin olunmuş işçilərlə adaptasiya işinin aparılmasını həyata keçirir;

3.0.20. Nazirliyin aparatının və strukturuna daxil olan qurumların əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirir, korporativ, sosial-mədəni və motivasiya tədbirlərini təşkil edir;

3.0.21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən edir və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı müvafiq icra hakimiyyəti orqanına təqdim edir;

3.0.22. dövlət  qulluğuna  kadrların  seçilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak edir, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirir;

3.0.23. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görür və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına hər ay verilməsini təmin edir;

3.0.24. qanunvericiliyə müvafiq olaraq iş vaxtından istifadənin uçot cədvəli (tabel), iş stajları barədə arayış və məzuniyyət qrafiklərinin hazırlanması, əməkdaşlara məzuniyyət, ixtisas dərəcələrinin və müavinətlərin verilməsi, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin rəsmiləşdirilməsi işlərini həyata keçirir;

3.0.25. Nazirliyin əməkdaşlarının şəxsi işlərinin, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirir, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin edir;

3.0.26. əməkdaşlara xidməti vəsiqələrin və əmək kitabçalarının verilməsi, əmək kitabçalarının doldurulması, onların qeydiyyatının aparılması və saxlanmasını təmin edir;

3.0.27. fəaliyyət istiqamətləri üzrə Nazirliyin hüquqi akt layihələrini hazırlayır və hazırlanmasında iştirak edir;

3.0.28. səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar və çıxarışlar verir;

3.0.29. rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar  hazırlayır;

3.0.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

 

4.  Şöbənin  hüquqları

4.0. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. kadr məsələləri və digər sahələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.2. əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə Nazirliyin aparatının və strukturuna daxil olan qurumlarının əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və digər faktorların öyrənilməsi üçün tədqiqatlar aparmaq;

4.0.3. Nazirliyin tabeliyində olan qurumlara sorğular ünvanlamaq və müvafiq məlumatlar almaq;

4.0.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin strukturlarının rəhbərlərinə insan resurslarının idarəedilməsi üzrə əməli və metodiki tövsiyyələr vermək;

4.0.5.Nazirin tapşırığına əsasən şöbənin fəaliyyəti ilə bağlı sahələrin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.0.7. nsan resurslarının idarəedilməsi sahəsində təcrübə mübadiləsi məqsədi ilə digər dövlət orqanlarının kadr siyasətini həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə normativ və təşkilat-sərəncamverici sənədlərin ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.0.9. Nazirliyin, şöbənin və qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5.  Şöbənin  fəaliyyətinin təşkili

5.1.  Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. Şöbənin strukturuna Kadr siyasəti sektoru və Dövlət qulluğu sektoru daxildir.

5.2.  Şöbənin fəaliyyətinə nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3   Şöbə müdirinin nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini-sektor müdiri) vardır. Şöbə müdirinin müavini-sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini-sektor müdiri həyata keçirir.

5.4.  Şöbənin digər əməkdaşları nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5.  Şöbə müdiri:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2.  tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq sənədləri imzalayır, həmçinin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

5.5.5. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.5.6. şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı üçün müəyyən edilmiş qaydada nazirliyin aidiyyəti struktur bölmələri qarşısında məsələ qaldırır;

5.5.7. şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.9. şğbəni təmsil edir.

5.5.10. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

6.  Kadr siyasəti sektorunun vəzifələri

6.0.  Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

6.0.1.  Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumların yüksək ixtisaslı mütəxəssislərlə komplektləşdirilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirir;

6.0.2.  Nazirliyin struktur bölmələrində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak edir və qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, illik yekun hesabatlarını hazırlayır və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir;

6.0.3.  Nazirliyin struktur bölmələrinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi nəticələrini təhlil edir və təkliflər verir;

6.0.4. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görür;

6.0.5. daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə and içməsini təmin edir;

6.0.6.  Nazirliyin ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında rəhbərliyə təkliflər verir;

6.0.7.  Nazirliyin əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarını aidiyyəti qurumlarla birlikdə müəyyən edir, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər həyata keçirir;

6.0.8.  dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini təmin edir;

6.0.9.  staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil edir;

6.0.10.  dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələbləri müəyyən edir və qulluq funksiyalarının hazırlanması işini həyata keçirir;

6.0.11.  rəhbər vəzifələr üzrə ehtiyat kadrlar siyahısını formalaşdırır və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlayır, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparır, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlayır;

6.0.12.  Nazirliyin müəyyən olunmuş qulluq reqlamentinə və daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak edir;

6.0.13.  fəaliyyət istiqamətləri üzrə Nazirliyin hüquqi akt layihələrini hazırlayır və hazırlanmasında iştirak edir;

6.0.14.  Nazirliyin əməkdaşlarının mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması barədə sənədləşmə işlərini aparır;

6.0.15.  insan resurslarının idarəedilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək ümumiləşdirir və tətbiq edilməsi istiqamətində təkliflər verir;

6.0.16.  Nazirlikdə baş verən kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir;

6.0.17.  Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əməkdaşlarının təlim ehtiyaclarını öyrənir və bu istiqamətdə tədbirlər həyata keçirir;

6.0.18.  yeni təyin olunmuş işçilərlə adaptasiya işinin aparılmasını həyata keçirir;

6.0.19.  Nazirliyin aparatının və strukturuna daxil olan qurumların əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirir, korporativ, sosial-mədəni və motivasiya tədbirlərini təşkil edir;

6.0.20.  illik, rüblük hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

6.0.21.  fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

         

7.  Dövlət qulluğu sektorunun vəzifələri

7.0. Sektor bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

7.0.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən edir və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı müvafiq icra hakimiyyəti orqanına təqdim edir;

7.0.2. dövlət  qulluğuna  kadrların  seçilməsi məqsədilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak edir, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirir;

7.0.3. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görür və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına hər ay verilməsini təmin edir;

7.0.4. qanunvericiliyə müvafiq olaraq iş vaxtından istifadənin uçot cədvəli (tabel), iş stajları barədə arayış və məzuniyyət qrafiklərinin hazırlanması, əməkdaşlara məzuniyyət, ixtisas dərəcələrinin və müavinətlərin verilməsi, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin rəsmiləşdirilməsi işlərini həyata keçirir;

7.0.5. Nazirliyin əməkdaşlarının şəxsi işlərinin, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirir, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin edir;

7.0.6. əməkdaşlara xidməti vəsiqələrin və əmək kitabçalarının verilməsi, əmək kitabçalarının doldurulması, onların qeydiyyatının aparılması və saxlanmasını təmin edir;

7.0.7. fəaliyyət istiqamətləri üzrə Nazirliyin hüquqi akt layihələrini hazırlayır və hazırlanmasında iştirak edir;

7.0.8. səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, çıxarışlar verir;

7.0.9. hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

7.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.