Azərbaycan Respublikası Energetika Nazirliyinin

Strateji proqramlar və islahatlar şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

1.  Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) Strateji proqramlar və islahatlar şöbəsinin (bundan sonra - şöbə) fəaliyyət istiqamətlərini, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində ölkənin yanacaq-energetika sahəsində (bundan sonra - müvafiq sahə) mövcud vəziyyətin təhlili əsasında strateji və dövlət proqramların, layihələrin və konsepsiyaların hazırlanmasını, icrasına nəzarəti və bu sahədə həyata keçirilən islahatlar üzrə işlərin təşkili və əlaqələndirilməsini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunlarıni, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikası Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikasının energetika nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını (bundan sonra - Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin Aparatının şöbələri və sektorları (bundan sonra Nazirliyin struktur bölmələri) və tabeliyində olan qurumları, müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

2. Şöbənin fəaliyyət istiqamətləri:

2.0. Şöbənin  fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. müvafiq sahədə dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

2.0.2. strateji və dövlət proqramlarının, habelə konsepsiyaların hazırlanmasında iştirak edir, bu istiqamətdə aparılan işlərin mərkəzləşdirilmiş qaydada əlaqələndirilməsini və idarə olunması həyata keçirir;

2.0.3. Nazirliyin fəaliyyət istiqamətləri üzrə strateji təhlil və planlaşdırma üzrə işləri təşkil edir və həyata keçirir, o cümlədən strateji proqram və layihələrin planlaşdırılması mərhələsində müvafiq tədbirlər görür;

2.0.4. müvafiq sahədə aparılan təhlil əsasında perspektiv sahələr üzrə islahat tədbirlərini müəyyən edir və bütün mərhələlərdə işlərin icrasına nəzarəti təmin edir;

2.0.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3.   Şöbənin vəzifələri:

3.0. Şöbənin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Nazirliyin struktur bölmələri ilə birlikdə müvafiq sahənin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirərək prioritet istiqamətlər üzrə strateji proqramların və dövlət inkişaf konsepsiyalarının  hazırlanmasında iştirak edir;

3.0.2. müvafiq sahədə aparılan strateji və dövlət  proqramının icrasına nəzarəti təmin edən tədbirlər planı hazırlayır və təsdiq etmək üçün rəhbərliyə təqdim edir;

3.0.3. iqtisadiyyatın müvafiq sahələri üzrə hazırlanmış proqram və tədbirlər planına mütəmadi nəzarəti həyata keçirir, icra vəziyyətini təhlil edir, hesabat və tədbirlərin icra vəziyyəti, həmçinin islahat tədbirləri ilə əlaqədar təkliflər hazırlayır və nazirliyin rəhbərliyinə təqdim edir;

3.0.4. strateji və dövlət proqramlarının icrası ilə bağlı tenderlərin təşkil edilməsində iştirak edir;

3.0.5. strateji layihələrin əsas icra göstəricilərinin qiymətləndirilməsini həyata keçirərək lazımi tədbirlər görülməsini təmin edir;

3.0.6. fəaliyyət istiqamətləri üzrə məqsədli proqramların və konsepsiyaların inkişaf və investisiya layihələrini Nazirliyin aidiyyəti strukturları ilə birlikdə hazırlayır və həyata keçirilməsində iştirak edir, digər dövlət orqanları tərəfindən hazırlanmış dövlət proqramlarının layihələri üzrə rəylər hazırlayır;

3.0.7. müvafiq şöbələr ilə birlikdə strateji və dövlət  proqramı, tədbirlər planı və layihələrin  icra vəziyyətini araşdırmaq məqsədi ilə əsas icraçıları və ekspertləri cəlb etməklə mütəmadi olaraq müşavirə, seminar və elmi-praktiki konfransları təşkil edir;

3.0.8. Nazirlik tərəfindən icrası nəzərdə tutulan proqram və layihələr üzrə məlumatların hazırlanması, onun daimi yenilənməsi və istifadə edilməsi ilə bağlı müvafiq təkliflər verir;

3.0.9. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin edir;

3.0.10. müvafiq sahə üzrə  strateji və dövlət proqramı, tədbirlər planı və layihələrin, həmçinin islahat mövzularına həsr edilmiş respublikada və xarici ölkələrdə keçirilən sərgi, konfrans, simpozium və seminarların təşkilində və bu sahələr üzrə ölkə və beynəlxalq tədbirlərin işində iştirak edir;

3.0.11. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir;

3.0.12. müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin proqram və tədbirlər planına müvafiq aparılan özəlləşdirmə komissiyalarının işində iştirak edir;

3.0.13 şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır;

3.0.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir

 

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1.verilmiş səlahiyyətlər daxilində Nazirliyi başqa təşkilatlarda təmsil etmək;

4.0.2. müvafiq sahələr üzrə tədbirlərin icra vəziyyətini mütəmadi təhlil edib, təkliflər hazırlamaq;

4.0.3. müvafiq sahədə hazırlanan investisiya layihələri ilə bağlı rəy və təkliflər hazırlamaq;

4.0.4. Nazirliyin əlaqələndirici və icraçı olduğu tədbirləri həyata keçirən müəssisə və təşkilatlardan mütəmadi məlumat almaq, yekun hesabat və təkliflər hazırlamaq;

4.0.5. müvafiq sahədə biznesin rolunun və yerinin müəyyənləşdirilməsi, biznesin təşkili, inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, biznes mühitinin optimallaşdırılması üçün zəruri tədqiqatlar aparmaq;

4.0.6. beynəlxalq tədbirlərin, o cümlədən forumların, konfransların, sərgilərin və digər tədbirlərin işində iştirak etmək;

4.0.7. Nazirlikdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, həmçinin fəaliyyətinə aid məsələlər üzrə müxtəlif səviyyəli yerli və beynəlxalq işçi qruplarında Nazirliyi təmsil etmək;

4.0.8. müvafiq sahənin fəaliyyət istiqamətində işlərin səmərəliliyini artırmaq məqsədi ilə mütəxəssisləri və bu sahədə tədqiqat aparan elmi işçiləri cəlb etmək;

4.0.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini) vardır. Şöbə müdirinin müavini şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini və ya nazir tərəfindən təyin olunmuş digər şəxs həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.5.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir, şöbə tərəfindən hüquqi aktların vaxtında və lazımi səviyyədə icrasını təmin edir;

5.5.5. şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

5.5.6. şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə nazirə təqdimat verir;

5.5.7. şöbənin vəzifələrini yerinə yetirmək üçün Nazirliyin digər struktur bölmələrindən və tabeliyində olan qurumlardan zəruri məlumat və sənədləri alır;

5.5.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.9. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.10. şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

5.5.11. şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.